Cavad Heyət
Cavad Heyət (24 may 1925, Təbriz – 12 avqust 2014, Bakı) — Azərbaycanlı cərrah-alim, İranda ilk dəfə açıq ürək əməliyyatını (koronar şuntlama) gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü, "Varlıq" jurnalının təsisçisi, türkologiyaya aid yeddi cildlik kitabın müəllifi, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvü, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru, "İki Azərbaycanın ağsaqqalı", "Çağımızın ağsaqqalı", "Dövrümüzün Prometeyi", "Bilgə dədə" ləqəbləri ilə tanınır.
== Həyatı ==
Cavad Heyət 1925-ci il mayın 24-də Təbrizdə anadan olub. Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxslərdən hesab olunur. Həm Cənubi Azərbaycanda, həm də Şimali Azərbaycanda yüksək səviyyədə tanınır. Türkologiya, tibb elmi və digər sahələrdə əvəzedilməz xidmətləri olmuşdur. 2014-cü ilin avqustun 12-də Bakı şəhərində vəfat etmişdir. II Fəxri Xiyabanda dəfn edilmişdir.
O, Azərbaycan, ingilis, fars, türk və s. dilləri mükəmməl bilirdi. Beş qızı, beş nəvəsi vardı.